YAP Xocalı rayon təşkilatının XI konfransı keçirilib

15 Sentyabr 2026, 18:45 22 baxış

Sentyabrın 15-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatının XI konfransı keçirilib. Faktxeber.Az Xocalininsesi.Az-a istinadən xəbər verir ki, konfransda rayon təşkilatının hesabat dövründəki fəaliyyəti müzakirə olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə təşkilat qarşıya qoyulan vəzifələrin icrası istiqamətində məqsədyönlü fəaliyyət göstərib və rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Qeyd olunub ki, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ideoloji işin gücləndirilməsi, eləcə də partiyanın əsas prinsiplərinin təbliği istiqamətində ardıcıl və səmərəli tədbirlər həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında bildirib ki, xocalılar hər zaman dövlətə və dövlətçiliyə sədaqətlə xidmət ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətini daim dəstəkləyib, ölkənin siyasi rəhbərliyi ətrafında sıx birləşiblər.

Qeyd olunub ki, xocalılar bütün çətinliklərə baxmayaraq, doğma torpaqlarının bir gün azad olunacağına olan inamlarını heç vaxt itirməyiblər. Bu gün Xocalıların illər boyu yaşatdıqları böyük arzu və ümid doğma torpaqlara qayıdışla yeni mərhələyə qədəm qoyur.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Elman Məmmədov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin nəticələrindən danışıb.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycanın inkişafına və mühüm nailiyyətlər əldə etməsinə öz töhfəsini verib.

Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun müdiri, Xocalı rayonu üzrə təhsil işçilərinin ərazi partiya təşkilatının sədri Rizvan Ələsgərov, “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru, səhiyyə işçiləri üzrə ərazi partiya təşkilatının sədri Aqil Məmmədov çıxış edərək ərazi partiya təşkilatlarının fəaliyyətindən, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirakından söz açıblar.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra fəaliyyətin daha səmərəli qurulması istiqamətində görülən işlər barədə məlumat verib və rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirib.

Konfransda YAP Xocalı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə