Xankəndidə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin filialı fəaliyyətə başladı

15 Sentyabr 2026, 20:24 11 baxış

15 sentyabr- Bilik Günündə Xankəndi şəhərində daha bir yeni təhsil ocağı fəaliyyətə başlayıb.Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialı, yeni tədris ilində ilk şagirdlərini qəbul edib. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni təhsil müəssisəsində hazırda 45 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 20-dən çox müəllim məşğul olur. Məktəbin pedaqoji heyətində yerli sakinlərin də yer alması diqqətçəkən məqamlardandır. Beləliklə, yeni məktəbin fəaliyyətə başlaması Xankəndidə təhsil imkanlarının genişləndirilməsi ilə yanaşı, yerli sakinlərin məşğulluğuna da töhfə verir. Xatırladaq ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi 25 il əvvəl yaradılıb. Bu il təhsil müəssisəsinin 25 illik yubileyi qeyd olunur. Kompleksin Xankəndi filialı isə şəhərdə fəaliyyətə başlayan ilk özəl məktəb kimi xüsusi əhəmiyyət daşıyır.

Məktəbdə tədris Cambridge kurikulumu əsasında həyata keçirilir. Təhsil proqramının əsas xüsusiyyətlərindən biri də şagirdlərə unikal iki dilli təhsil imkanının yaradılmasıdır. Bu yanaşma şagirdlərin həm yerli, həm də beynəlxalq təhsil mühitinə uyğun bilik və bacarıqlar əldə etməsinə şərait yaradır.

Xankəndidə yeni məktəbin fəaliyyətə başlaması şəhərin bərpası və inkişafı ilə yanaşı, burada müasir təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən işlərin davamıdır.

Xankəndidə təhsil həyatının canlanması şəhərin gələcəyinə, burada yeni nəsil yetişdirilməsinə və Böyük Qayıdış prosesinin sosial-humanitar istiqamətlərinin gücləndirilməsinə mühüm töhfə verir.

Bu xəbəri paylaş:
Səsləndirmə