Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR.
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
23°C Bakı

59 yaşlı Xocalı sakininin hekayəsi - FOTO

02 İyul 2026, 21:14 0 baxış

Bəzən bir insanın ən böyük arzusu nə var-dövlət, nə də şöhrət olur. Ən böyük arzu doğulduğu torpağa qayıdıb, öz evində, öz ocağında yaşamaqdır. Bu gün həmin arzunu gerçəyə çevirən minlərlə soydaşımızdan biri də Xocalı rayon sakini Şirinov Hikmət Rasim oğludur.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, 1967-ci ildə Xocalıda dünyaya göz açan Hikmət Şirinov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Doğma yurdunun işğalı ilə o da minlərlə azərbaycanlı kimi məcburi köçkün həyatının ağır yükünü çiyinlərində daşıdı. Uzun illər Bakının Pirşağı qəsəbəsindəki "Qızıl qum" sanatoriyasında müvəqqəti məskunlaşaraq doğma torpaqlarına qayıdacağı günü səbrlə gözlədi. Bu gün isə həmin həsrət sona çatıb.

Təxminən bir il əvvəl Hikmət Şirinov ailəsi ilə birlikdə Xocalı rayonunun Təzəbinə kəndinə köç edərək öz doğma yurduna qovuşub. Altı nəfərlik ailə üçün bərpa edilmiş dördotaqlı yeni mənzil onların həyatında yeni bir səhifənin başlanğıcı olub. İllərlə qəlbində yaşatdığı Vətən sevgisi artıq doğma elinin havasında, suyunda və torpağında öz əksini tapır. Hikmət Şirinov hazırda doğma kəndində kiçik təsərrüfatla məşğul olur, zəhməti ilə ailəsinin rifahına töhfə verir. O, deyir ki, övladları və nəvələri ilə öz kəndində yaşamaq, hər səhər doğma torpaqda oyanmaq illərlə çəkilən həsrətin ən gözəl mükafatıdır.

Bu qayıdış təkcə bir ailənin sevinc hekayəsi deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra doğma yurd-yuvalarına dönən insanların qələbə, ümid və yenidənqurma salnaməsinin parlaq nümunəsidir. Hər bərpa olunan ev, hər yanan ocaq, hər uşaq gülüşü Qarabağın yenidən dirçəldiyini göstərir.Hikmət Şirinovun həyat yolu sübut edir ki, vətənə bağlılıq heç zaman itmir. İllərlə davam edən həsrət, səbr və inamın sonunda doğma torpağa qayıdış ən böyük zəfər, ən dəyərli uğurdur. Bu gün Xocalıda yenidən həyat var, yenidən ümid var və ən əsası, öz yurduna qayıdan insanların çöhrəsində qələbənin sevinci var.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə