Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
İslam dininin yeganə və tək mənbəyi Qurandır. Quranda isə hansısa ayda, hansısa gündə toy etmək, ailə həyatı qurmaq barədə heç bir qadağa yoxdur. Bu, insanların şəxsi qərarlarıdır.
Bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri Məhərrəmliklə bağlı toyların təxirə salınması haqda danışarkən deyib.
Onun sözlərinə görə, bir ailənin, bir nəslin həyatında baş verən hansısa yas və ya mənfi iz buraxan bir tarix varsa, təqvim mövcuddursa, insanlar bunu öz qərarlarıyla müəyyənləşdirirlər:
“Nə ramazan ayında, nə may ayında, nə yanvar, nə də məhərrəm ayında bu cür qadağa var. Bəzi insanların hansısa gündə və ya ayda toy edib-etməməsinə sayğıyla yanaşmaq lazımdır. Amma bunu din adına demək doğru yanaşma deyil.
Qərb bölgəsində hər zaman Məhərrəmlikdə toy edilməsi, cənub bölgəsində edilməməsi ənənədir. Bunun dinə heç bir aidiyyəti yoxdur”.