Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu Emil Hüseynovun qətlinə görə həbs cəzası çəkmiş keçmiş MMA döyüşçüsü Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurlamaqda ittiham edilir.
Milli.Az xəbər verir ki, 30 yaşlı Çiçakyan avqustun 7-də saxlanılıb. İstintaqın məlumatına görə, o və 33 yaşlı digər şəxs tamah məqsədilə, zor tətbiq etməklə və qabaqcadan əlbir olan qrup halında adam oğurlamaqda şübhəli bilinirlər. Məhkəmənin qərarı ilə hər iki şəxs istintaq təcridxanasına göndərilib.
Çiçakyan 2016-cı ildə quldurluq və qətl ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edilib və 16 avqust 2024-cü ildə azadlığa çıxıb.
İstintaqın versiyasına görə, 2015-ci il aprelin 19-da Yekaterinburqda kafelərdən birində iki qrup arasında baş verən davada Tiqran Çiçakyan Emil Hüseynovun sinəsinə bir neçə bıçaq zərbəsi endirib. Futbolçu aldığı xəsarətlərdən ölüb. Çiçakyan isə günahını etiraf etməyib.
Emil Hüseynov vaxtilə "Neftçi", "Karvan" və "Abşeron" klublarında çıxış edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Mənbə: https://news.milli.az/sport/1344165.html